Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru - Şuşa Bəyannaməsi

22:29 15.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2021-ci il iyunun 15-də işğaldan azad edilmiş Şuşada imzalanan Bəyannamə regionun müasir tarixinin ən mühüm siyasi sənədlərindən birinə çevrilib. Bu sənəd iki qardaş dövlət arasında münasibətlərin müttəfiqlik xarakterini rəsmiləşdirərək onların əməkdaşlığını keyfiyyətcə yeni mərhələyə yüksəldib. Lakin Şuşa Bəyannaməsinin əhəmiyyəti ikitərəfli gündəliklə məhdudlaşmır.

Bu fikirlər Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun elmi işçisi Anastasiya Lavrinanın “Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru” adlı məqaləsində yer alıb.

Hafta.az həmin məqaləni oxuculara təqdim edir.

Bu gün Şuşada Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans keçirilir. Artıq dördüncü ildir ki, Yeni Azərbaycan Partiyası 15 İyun – Milli Qurtuluş Günündə beynəlxalq konfransı məhz Şuşada təşkil edir. Tədbirdə dünyanın müxtəlif ölkələrindən siyasi partiyaların nümayəndələri və çoxsaylı xarici qonaqlar iştirak edirlər.

Cəmi bir neçə il əvvəl regiona diqqət əsasən postmünaqişə və təhlükəsizlik məsələləri üzərində cəmlənmişdi. Bu gün isə Cənubi Qafqaz getdikcə daha çox əməkdaşlıq, nəqliyyat bağlantıları və iqtisadi inkişaf məkanı kimi dəyərləndirilir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev konfrans iştirakçılarına müraciətində qeyd edib:

“Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması və qorunması istiqamətində qətiyyətli siyasət həyata keçirməkdədir”.

Bu fikirlər Azərbaycanın müasir xarici siyasətinin əsas xüsusiyyətlərindən birini əks etdirir. Ərazi bütövlüyünü və tam dövlət suverenliyini bərpa etdikdən sonra Azərbaycan regionda dayanıqlı sülhün təmin olunması, əməkdaşlığın genişləndirilməsi və bütün Cənubi Qafqaz üçün yeni inkişaf imkanlarının yaradılması istiqamətində ardıcıl siyasət yürüdür.

Bu proseslərə xüsusi aktuallıq qazandıran məqamlardan biri də Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasının beşinci ildönümünün olmasıdır. 2021-ci il iyunun 15-də işğaldan azad edilmiş Şuşada imzalanan bu sənəd regionun müasir tarixinin ən mühüm siyasi sənədlərindən birinə çevrilib. Bəyannamə iki qardaş dövlət arasında münasibətlərin müttəfiqlik xarakterini rəsmiləşdirərək əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldib. Lakin Şuşa Bəyannaməsinin əhəmiyyəti ikitərəfli münasibətlərin çərçivəsindən xeyli kənara çıxır.

Son beş ildə dünya enerji böhranı, hərbi münaqişələr, qlobal logistika zəncirlərinin pozulması və müxtəlif güc mərkəzləri arasında rəqabətin güclənməsi kimi ciddi çağırışlarla üzləşib. Belə şəraitdə qarşılıqlı etimada və strateji baxışa əsaslanan dayanıqlı tərəfdaşlıqlar qura bilən dövlətlərin rolu daha da artır.

Şuşa Bəyannaməsi məhz belə uğurlu tərəfdaşlıq nümunəsidir. Sənəd xarici siyasət və təhlükəsizlikdən tutmuş nəqliyyat, enerji, iqtisadiyyat, təhsil və humanitar əməkdaşlığa qədər geniş sahələri əhatə edir. Bəyannamənin məhz Şuşada imzalanması isə xüsusi rəmzi məna daşıyır. Uzun illər Azərbaycan xalqı üçün işğalın simvolu olmuş şəhər bu gün bərpanın, quruculuğun və beynəlxalq əməkdaşlığın rəmzinə çevrilib.

Müasir Şuşa getdikcə daha çox sülh, inkişaf və dialoq şəhəri kimi tanınır. Regiona artan beynəlxalq maraq da xüsusi diqqət çəkir. Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər fonunda Cənubi Qafqaz Avrasiya məkanının əsas bağlantı qovşaqlarından birinə çevrilməkdədir. Azərbaycandan keçən Orta Dəhliz, eləcə də ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməsi nəzərdə tutulan Zəngəzur dəhlizi beynəlxalq ticarət üçün getdikcə daha böyük əhəmiyyət qazanır. Nəqliyyat və enerji təhlükəsizliyi məsələləri isə regionu qlobal gündəliyin vacib elementlərindən birinə çevirir.

Bu yeni geoiqtisadi reallıqda Azərbaycan Avrasiyanın gələcək memarlığının formalaşdırılmasında aparıcı iştirakçılardan biri kimi çıxış edir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz etibarlı beynəlxalq tərəfdaş, irimiqyaslı infrastruktur layihələrinin təşəbbüskarı və regional əməkdaşlığın mühüm mərkəzi kimi mövqelərini daha da möhkəmləndirib.

Şuşa Bəyannaməsi Türk dünyasının möhkəmlənməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Bu gün Türk Dövlətləri Təşkilatı ortaq tarixi köklər, mədəniyyət və strateji maraqlarla bağlı ölkələri birləşdirən getdikcə daha nüfuzlu beynəlxalq platformaya çevrilir. Bu prosesdə Azərbaycan aparıcı rol oynayan dövlətlərdən biridir.

Şuşa Bəyannaməsi türk qardaşlığı, həmrəyliyi və strateji birliyi prinsiplərinin parlaq təcəssümünə çevrilərək nümayiş etdirdi ki, ortaq tarix, mədəni yaxınlıq və qarşılıqlı etimad səmərəli siyasi, iqtisadi və humanitar əməkdaşlıq üçün möhkəm təməl yarada bilər.

Beş il sonra əminliklə demək olar ki, bu sənəd regional sabitliyin möhkəmləndirilməsi, türk əməkdaşlığının inkişafı və Cənubi Qafqazın yeni gündəliyinin formalaşdırılması baxımından əsas amillərdən birinə çevrilib.

Şuşa Bəyannaməsinin əhəmiyyəti artıq çoxdan ikitərəfli münasibətlərin sərhədlərini aşıb. Bu sənəd Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlığın, Türk dünyasının birliyinin, həmçinin regionda və Avrasiya məkanında sülhə, təhlükəsizliyə, rifaha, dayanıqlı inkişafa yönəlmiş ümumi iradənin rəmzi olaraq qalır./azertac/